Öləcəyimi düşünürdüm - Koronavirus xəstəsi yaşadıqlarını anlatdı
Hər Şeydən Bir Az Redaktorun Seçimi Xəstəliklər

“Öləcəyimi düşünürdüm” – Koronavirus xəstəsi yaşadıqlarını anlatdı

Son bir neçə aydır ki, Çindən bütün dünyaya yayılan və pandemiyaya səbəb olan koronavirus və ya Covid-19 virusuna yoluxma ölkəmizdə də müşahidə edilir. Əksər ölkələrin karantin vəziyyətində olması virusun yayılmasının qarşısının müəyyən qədər alsa da yoluxanların və ölənlərin sayı sürətlə artır.

Belə ki, bütün dünyada virusa yoluxanların sayı artıq 2 milyonu keçib. Ölkəmizdə də son məlumatlara görə, 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin müalicəsi isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Yoluxanlar arasında əsasən risk qrupunda olan insanlar, yəni xəstə ilə birbaşa kontaktda olan, immuniteti zəif, yaşlı insanlar üstünlük təşkil edir.

Bu qrupa həm də tibbi işçilərini də aid etmək olar. 

1Arada.az sizə koronavirusa yoluxmuş xəstə 43 yaşlı tibb işçisi ilə müsahibəni təqdim edir:

Aysel (ad şərtidir) xanım, necə oldu ki yoluxduz və xəstəlik hansı əlamətlərlə özünü biruzə verdi?

Mən baytar həkimiyəm və baytarlıq aptekində çalışıram. Yoluxmazdan əvvəl gündəlik olaraq işə gedib gəlirdim. İşdə təbii olaraq xəstə və sağlam heyvanlarla, o cümlədən də müxtəlif insanlarla ünsiyyətdə olurdum. İlk əvəllər bu xəstəliyi çox da ciddiyə almırdım. Arabir maska taxırdım, əlcək isə istifadə etmirdim.

Bir gün işdən evə qayıtdıqdan sonra özümdə azacıq hərarətin olduğunu hiss etdim. Düşündüm ki, yəqin yorğunluqdadır, istirahət etməliyəm və yaxud da allergiya olmuşam. Yatdım, səhəri gün yuxudan oyananda artıq özümü yaxşı hiss edirdim. Amma səhəri gün axşama doğru yenə özümdə eyni halı müşahidə etdim. İştahsızlıq, halsızlıq, yoğrunluq məni narahat edirdi. Sonradan quru öskürək meydana çıxdı. Daha sonra isə dadbilmə və iybilmə qabiliyətim tamam itmişdi. Acı, şirin, turş qidalar mənə su dadında gəlirdi. Qətiyyən hər hansı bir iyi hiss etmirdim. Bundan sonra artıq koronavirusa yoluxduğumu duşündüm.

Daha sonra Təclili yardıma zəng vurdum, məndən analiz götürdülər. Amma analiz neqativ çıxdı. Mən yenə də işə getməyə davam edirdim. Amma vəziyyətim get-gedə pisləşirdi. Buna görə də antibiotik olan aflaksatin içməyə başladım. Qəbul etdiyim dərman mənə kömək etmirdi, əksinə axşamlar güclü ağrılar və titrətmələrim olurdu. Buna görə də yenidən təcili yardıma zəng vurdum. Ordan məndən yenidən analiz götürüldü və məsləhət görüldü ki, ciyərləri rentgen etdirim. Səhəri gün poliklinikada rentgen elətdirdim və mənə ikitərəfli pnevmaniya və bronxopnevmaniya diaqnozu qoyuldu. Ordan da Ağciyər xəstəlikləri İnstituna göndərdilər.  Xəstəxanaya quru öskürək, boğulma, temperatur, bədəndə ağrılar və s. kimi əlamətlərlə daxil edildim.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

İnsanlara özlərini qorumaq üçün nə məsləhət görərdiniz? 

Sözün düzü virusun bu dərəcədə qorxunc olduğunu təsəvvür etmirdim. Bu virusa mən də ciddi yanaşmırdım. Düşünürdüm ki, mən xəstələnmərəm. Amma belə deyil, virus insanın yaşına, sosial vəziyyətinə, sağlam və ya xəstə olduğuna baxmır. Yoluxmamaq üçün əlcəkdən, maskadan istifadə edilməlidir, yaxşı istirahət edilməli və yaxşı qidalanma vacibdir. Həmçinin də çoxlu maye qəbul etməli və İmmun sistemini yüksək saxlamaq lazımdır.  Bu tövsiyələrə əməl olunarsa insan virusa yoluxsa belə orqanizmin müqaviməti güclü olduqda virus sizə təsir etməyəcək. Buna görə də hamını virusu ciddəyə almağı, deyilənlərə əməl etməyə çağırıram.

Bu mənim üçün çox çətin bir sınaq oldu. Amma Ağciyər İnstitunun pulmanoloqu Vasif həkim və onun kollektivi sayəsində  bu bəladan qurtuldum və ayağa qalxdım. Xəstəxanaya çox ağır vəziyyətdə gətirilmişdim, yaşama şansımı itirdiyimi düşünürdüm. Yaxşı ki, bizim həkimlərimiz var, onların sayəsində yenidən həyata qayıtdim. Mən mənə bəxş olunan ikinci həyata görə ilk əvvəl allaha daha sonra isə onlara minnətdaram.”

Aysel xanımın bacısı Sevinc xanım özü də həkim terapevtdir. Ən ağır vəziyyətində bacısının yanında olan Sevinc xanım bacısının necə yoluxduğu və onun yaşadıqlarını bizə danışdı:

“Bacım baytardır, aptekdə çalışır. Hər gün yüzlərlə insan və heyvanlarla təmasda və ünsiyyətdə olur. Elə ordan da yoluxduğunu düşünürük. İlk əvvəl mənə zəng vurub ağrılarının  olduğunu və ağrıkəsici içdiyini demişdi. Daha sonra hərarəti artdı və mən şübhələnərək onun təcili analiz verməsini tapşırdım. Təcili tibbi yardım maşını  gəldi və ondan analiz götürüldü. Lakin sahə həkiminin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində biz analizin cavablarını öyrənə bilmədik.

Sahə həkimi bizə cavabların neqativ cıxdığını bildirdi. Mənim bacım o vəziyyətdə işə çıxmağa məcbur oldu. İndi mən düşünürəm ki, bacım aptekdə özü də bilmədən çox sayda insanı yoluxdurub. Poliklinika həkimi bizə heç bir təhlükənin olmadığını və zəncəfilli çay içməyi məsləhət görürdü. Daha sonra bacımın vəziyyəti daha da pisləşməyə başladı. Və biz məcbur olub onun ciyərlərini rentgen etdirdik. Bu zaman onun ikitərəfli pnevmaniya olduğunu öyrəndik. Diaqnoz qoyulduqdan sonra bacımı Ağciyər xəstəlikləri instituna gətirdilər və orda yenidən analiz edilərək Covid-19 virusuna yoluxduğu təsdiqləndi.

Vəziyyəti get-gedə pisləşirdi və  xəstəxanada olduğu müddətdə dəfələrlə boğulma baş verdi. Davamlı olaraq ona oksigen verilirdi. Əgər həmin vəziyyət bacım evdə olarkən yaşansaydı biz çətin ki, onu vəziyyətdən çıxarardıq. Buna görə də mən Ağciyər Xəstəlikləri İnstitunun həkimi, pnevmaniya şöbəsini müdiri Vasif Abdullayev başda olmaqla bütün tibbi persanalın fədakarlıqlarını qeyd etmək istəyirəm.

Vasif Abdullayev – Pulmanoloq

Onlar xəstələrə çox diqqətlə, qayğı ilə yanaşır, öz həyatlarını təhlükəyə ataraq onların kritik vəziyyətdən çıxmaları və sağalmaları üçün əllərindən gələni edirlər. Vasif həkim hər bir xəstəyə öz yaxını kimi davranır, onların vəziyyətlərinə görə çox həyəcan keçirir, hər bir xəstə üçün həyatı riskə atmaqdan belə çəkinmir. Evə getdikdən sonra tibb bacılarına zəng edib tapşırır, xəstələrin vəziyyətini daim kontrolda saxlayır. Hərarətlərini ölçdürür, lazım olan məsləhətləri verir. Xəstələr üzərində olan məsuliyyətini dərk edərək onların həyatları üçün cavabdeh olduğunu anlayaraq bütün şöbəni də ciddi işləməyə sövq edir. 

Yalnız həkimlər deyil, bu xəstəxananın bütün tibbi personalı əsil qəhrəmanlıq göstərərək xəstələrə həm də mənəvi olaraq da  dəstək olurlar. Bu insanlar öz həyatlarını riskə ataraq heç bir qazanc güdmədən xəstələrə qulluq edirlər. Onların yeganə qazancları xəstələrin gülər üzünü görməkdir.

Xəstələri daim nəzarətdə saxlayan tibb bacıları da həyatları üçün yaranan riski gözardı edərək öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Baş tibb bacısı olan Gülnar xanım 3 azyaşlı övladının olmasına baxmayaraq hər gün işə gedərək xəstələrlə birbaşa təmasda olur.

Gülnar xanım

Həmçinin də baş həkim müavini Nailə xanım, Reyhan həkim, tibb bacısı Pərvanə xanım,  kiçik tibb da personalı Kamilə xanımın də xəstələr üzərində əməyi çoxdur.

Bu insanlar xəstələrin vəziyyəti pisləşdikdə hətta xüsusi geyim və maska olmadan da həyatlarını təhlükəyə ataraq onlara yardım göstərirlər. Xəstəni vəziyyətdən çıxarmaq üçün yoluxmağı belə gözə alırlar.

Baş həkimin müavini Nailə xanım hətta boş vaxtlarda palataları gəzərək xəstələrlə söhbət edir, onları yaşamağa  ruhlandırır, tezliklə sağalıb ayağa qalxacaqları haqda motivasiya edici söhbətlər edir. Bu isə koronavirus xəstələri üçün çox vacibdir.

Buna görə də bu həkimlərin və tibb işçilərinin hər birinə ayrı-ayrılıqda minətdaram. Bu qəhrəmanlar sayəsində bu gün koronavirus xəstələrinin sağalmağa ümidləri artır və yaşamaq eşqi onları ruhlandırır. Həm bacımın həm də öz adımdan bütün həkim kollektivinə öz təşəkkürümü bildirirəm. Əsil həkim, eyni zamanda da əsil insan olan bu kollektivin Vasif həkim başda olmaqla bütün üzvlərinə bu çətin və məsuliyyətli işlərində uğurlar arzulayıram.

Yaxşı ki, varsınız! Azərbaycan sizinlə fəxr edir!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir