Endokrinoloqdan şok açıqlama Göbələk əleyhinə preparatlar cinsi zəifliyə, qaraciyər, böyrək çatışmazlığına səbəb olur
Həkimlər Müsahibələr Redaktorun Seçimi

Endokrinoloqdan şok açıqlama: Göbələk əleyhinə preparatlar cinsi zəifliyə, qaraciyər, böyrək çatışmazlığına səbəb olur

Antibiotiklər böyükdən kiçiyə hər birimizə yaxşı tanış olan dərman preparatıdır. Soyuqdəymə, qrip, angina və bir çox digər infeksion xəstəliklər zamanı həkimlərin xəstələrə ilk yazdığı dərman vasitəsi də antibiotiklər olur. İş o yerə çatıb ki, hətta özümüz və ya övladımız bir balaca naxoşlayan kimi, qızdırması qalxdıqda və s. hallarda həkimə belə müraciət etmədən aptek işçisinin bizə tövsiyə etdiyi antibiotik preparatını alıb istifadə edirik.

Bu mövzuda 1Arada.az tibbi saytına müsahibə verən Endokrinoloq Lalə Alcan bu fikirlə qətiyyən razılaşmadığını bildirib:

“Dünyanın heç bir yerində antibiotik preparatları həkim resepti olmadan satıla bilməz”

Həmçinin həkimlər də antibiotik preparatı təyin etdikdən sonra yanaşı olaraq göbələk əleyhinə preparat təyin edirlər ki, göbələk əmələ gəlməsin. Yəni orqanizmimizdə simbioz həyat tərzi keçirən şərti parogen mikroorqanzimlərin ölümünə səbəb ola biləcək antibiotik preparatlarının qəbulu göbələk infeksiyasını artıra bilər. Amma Əslində bu yalnış bir fikirdir. Hər antibiotik və ya qısa müddətdə istifadə olunan antibiotiklər göbələk infeksiyasını tətikləyə bilməz.

Azərbaycanda çox populyar olan disbakterioz adlı diaqnoz var. Onu deyim ki, dünya tibbində belə bir diaqnoz mövcud deyil. Xüsusilə də uşaqlarda antibiotik müalicəsindən sonra diareya adlanan qarın işləməsi yaranır ki, bu halı da həkimlər disbakterioz kimi dəyərləndirirlər. Nəcisin analizini etdikdə isə hər hansı bir bakteriya, məsələn eşeriya koli yəni bağırsaq çöpünə rastlanır. Bu bakteriyanın əslində nəcisin tərkibində olması normal haldır. Yəni bakteriyaların inkişafı antibiotiklərdən asılı deyil. Burda disbakteriozun səbəbi tamam başqadır ki, həkimlər bunu üzə çıxarmaqda çətinlik çəkirlər.

Diareyanın əsas səbəbi yuxarı tənəffüs yollarının infeksiyaları zamanı tablet şəklində qəbul edilən  makrolid antibiotik qrupunun yan təsirlərinin olmasıdır. Bağırsaqların hərəkətini təmin edən reseptorlar var ki, həmin reseptorlar motilin reseptorlar adlanır. Makrolid qrupu antibiotiklərinin yan təsirlərindən biri də bu reseptorlara bağlanmalarıdır. Məhz bu səbəbdən həmin qrup antibiotiklər qəbul edildikdə  bağırsaqlar aktivləşir və diareya meydana gəlir. Bu diareya antibiotikin bağırsaqda yaşayan bağırsaq çöplərini öldürərək oradakı mikrofloranı pozması səbəbindən meydana çıxmır. Bu zaman göbələk əleyhinə və ya simbiotik preparat içmək tələb olunmur. Dünyanın heç bir yerində bu cür müalicə metodikası yoxdur. Antibioriklə yanaşı göbələk əleyhinə preparatları, prebiotikləri, simbiotikləri  demək olar ki, yalnız Azərbaycanda xəstəyə təyin edirlər. Əslində isə bu preparatların xəstəyə heç bir xeyri yoxdur.

Makrolid qrupu antibiotiklərinin azitromissin adlanan preparatın orqanizmdə parçalanma periodu 3 sutkadır. Yəni uşaq bir ədəd tablet qəbul etdikdə onun 3 sutka boyunca diareyası olacaqdır. Bu zaman ona hansı əlavə dərman verilsə də heç bir köməyi olmur. Digər makrolid qrupu antibiotikləri isə 1 günə qandan təmizləndiyi üçün bu proses 1 gün çəkir. Sonradan bağırsaqların fəaliyyəti normaya düşür.

Həkimlər çox vaxt antibiotik təyin etdikdə yanaşı olaraq göbələk əleyhinə flukanazol dərmanı da yazırlar. Xəstəyə antibiotik müalicəsi başlayan kimi 1 ədəd flukanazol icib 3 gün gözləyib sonra yenidən 1 tablet flukanazol içməyi məsləhət görürlər. Flukanazolun qutusunun içərisində 1 ədəd kapsul yerləşdirilir. Bu isə o deməksir ki, bu tablet bir dəfə içilə bilər. Hətta qadınlarda vaginal kandidozun müalicəsi zamanı bu preparatdan ömürdə bir dəfə içmək üçün təyin olunur. Amma bizdə qadınlara həftədə bir dəfə bu preparatdan içməyi məsləhət görürlər. İlk növbədə vaginal kandidozun əmələ gəlmə səbəbini aradan qaldırmaq lazımdır. Sadəcə olaraq flukanazol içməklə bu problem aradan götürülmür.

“Tetraskilin ən güclü diareya yəni qarın işləməsi yaradan preparatdır”

Hamının yaxşı tanıdığı tetrasiklin adlanan preparat var ki, onu diareya zamanı təyin edirlər. Bu preparat özü diareya yaradan ən güclü antibiotiklərdəndir. Səbəbi də yenə bağırsaqların motilin reseptorlarına birləşməsidir.

Bağırsaq çöplərinin elə növləri var ki, onlar uşaqlarda yalnız güclü diareya əmələ gətirir. Bu proses qısa bir müddətdən sonra öz-özünə keçib gedir. Amma əgər onu müalicə etmək üçün antibiotik preparatı təyin edilərsə o zaman, bakteriya parçalanır və onun daxilindən şiqatoksin ifraz olunur. Bu toksin qana sovrularaq bütün damarların divarlarını cızır. Nəticədə trombositlər damarların zədələnmiş iç divarlarına oturaraq tromb yaradır. Nəticədə də Hemolitik-uremik sindrom adlanan ciddi və ölümcül xəstəlik meydana çıxır. Bu xəstəlik nəticəsində böyrəklərdən tutmuş  beyinə qədər bütün orqanlarda yerləşən damarlarda tromblar meydana gəlir. Ona görə də bağırsaq infeksiyaları zamanı infeksiyanın növünü bilmək çox vacibdir. Hər diareya zamanı  təyin edilən antibiotiklər hətta ölümə yol aça bilər.

Uşağın boğazı ağrıyan kimi, qızdırması bir balaca qalxan kimi tez antibiotik vururlar. Bununla yanaşı həm də göbələk əleyhinə preparat da təyin edirlər. Halbuki bütün göbələk əleyhinə preparatların hamısının hepatotoksik yəni qaraciyərə mənfi təsir etdiyi məlumdur. Azərbaycanda göbələkəleyhinə məşhur preparat var ki, bu da nistatindir. Nistatinin bütün dünyada oral yəni ağızdan qəbulu qadağan edilib.  Səbəbi isə böyrək çatışmazlığına gətirib çıxarmasıdır. Onun yalnız krem şəklində yerli istifadəsinə icazə verilir.

Əslində göbələk əleyhinə preparatlar güya ki, antibiotiklərin zərərli təsirindən qorunmaq üçün təyin edilir. Halbuki bu preparatların sağlamlığa mənfi təsiri çox böyükdür.

Bu preparatlar əsasən göbələk infeksiyalarında tətbiq edilməlidir. Məsələn dırnaqlarda, dəridə, saç diblərində  yaranan göbələk infeksiyası var ki, onun müalicəsində bu preparatlardan istifadə edilə bilər. Bu preparatlar həddən artıq hepatoksik və nefrotoksik olduğu üçün ehtiyatla təyin edilməlidir.

Ketokonazol adlı bir göbələk əleyhinə preparat da var ki, bu preparat flükanazolların üst nəsli hesab edilir. Bu preparat böyrəküstü vəzindən ifraz  olunan testosteron hormonunu blok edir. Yəni onun sintezini əngəlləyir. Əgər bu preparat kişilərə təyin edilərsə o zaman, cinsi aktivlik azalacaqdır. Əksinə həmin insanda süd vəziləri böyüməyə başlayır. Buna görə də biz endokrinoloqlar ketokonazolu təyin etmirik. Yalnız qadınlarda böyrəküstü vəzin küllü miqarda tostesteron hormonu ifraz etdikdə bu preparatı təyin edirik. Baxmayaraq ki, bu preparat göbələkəleyhinə dərman kimi kəşf edilib, onun yan təsirlərindən biri də məhz budur. Endokrinoloqlar da onun bu xüsusisyyətindən istifadə edirlər. Yəni bu preparat öz təyinatı üzrə işləmir.

Əslində orqanizmdə bakteriyalar məhv olduqda göbələklərin miqdarı artır. Ancaq bu 5-10 gün antibiotik içən insanlarda deyil, aylarla, illərlə antibiotik qəbul edən insanlarda baş verə bilər. Yəni xəstə küllü miqdarda antibotik qəbul etdikdə onun bədənində bakteriyalar məhv olar və göbələklər arta bilər. 2-3 tablet antibiotik içməklə bu proses baş verməyəcəkdir. Çox təəssüflər olsun ki, bu preparatların işləmə mexanizmini hətta həkimlər düzgün bilmir və ehtiyac oldu-olmadı xəstəyə bu cür təhlükəli yan təsirlərə malik göbələkəleyhinə dərmanlar təyin edirlər.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir