Ekspertdən Miri Yusifə və Rəfael Ağayevə çağırış: Enerji içkilərini reklam etməyin
Müsahibələr Redaktorun Seçimi

Ekspertdən Miri Yusifə və Rəfael Ağayevə çağırış: Enerji içkilərini reklam etməyin

Energetik içkiləri çoxları sevir. Susuzluğu yatıran, ən əsası  da insana enerji verən bu xoş dada malik içkilərdən çoxları demək olar ki, hər gün istifadə edir. Amma nəzərinizə çatdıraq ki, energetik içkilər adi qazlı şirin su deyil. Onun tərkibində insana dopinq effekti verən bəzi maddələr mövcuddur. Buna görə də, həkimlər və sağlam qidalanma mütəxəsissləri bu içkilərdən istiadə etməyi ümumiyyətlə məsləhət görmürlər.

Artıq uzun müddətdir ki, energetik içkilər açıq şəkildə satılır və istənilən şəxs bu içkilərdən alıb istifadə edə bilir. Elə insanlar var ki, hər gün energetik içki qəbul edir və bu olmadıqda özünü yorğun və halsız hiss etdiyini bildirir.

Təəssüflər olsun ki, ölkəmizdə də bu içkilər əsasən də gənclərin və yeniyetmələrin sevimli içkisidir və ehtiyac oldu olmadı hər gün ondan istifadə edirlər. Onun sağalamlığa verdiyi zərərlərdən isə  bir çoxları kimi xəbərsizdirlər. Bu azmış kimi  internetdə, televiziyada və hətta küçələrdə yerləşdirilən nəhəng reklam lövhələrində də bir çox məşhurların, tanınmış idmançıların bəzi enerji içkilərinin reklam etdiklərini da görmək mümkündür. Bir çox yeniyetmənin kumiri olan bu tanınmış simaların,  əsasən də yetkinlik yaşına yenicə qədəm qoymuş insanlara enerji içkilərini məsləhət görməsi gələcək üçün təhlükəli ola bilər. Enerji içkisi olmasına baxmayaraq verdiyi enerji ilə yanaşı insan sağlamlığını da birə beş geriyə alan bu içkilər  haqda heç də ürəkaçan fikirlər səslənmir. Mövzu ilə əlaqədar olaraq qida mühəndisi İsa Əliyev 1Arada.az izləyicilərini məlumatlandırıb:

“Enerji içkilərinin məktəblərdə satılması qanunla qadağan edilib”

Enerji içkilərinin tərkibində kofein, taurin, inozitol kimi stimullaşdırıcı kompanentlər mövcuddur. Hansı ki, bu kompanentlər insanın qan dövranını sürətləndirir və nəticədə də qan damarları genişlənir. Bu isə bir çox ürək-damar xəstəliklərinə gətirib çıxarır. Təsadüfi deyil ki, bir çox Avropa ölkələrində enerji içkiləri qəbul edən insanlar  arasında çox vaxt ölümlə nəticələnən ani ürək tutmaları faktları qeydə alınır. Bu faktlar üzərində araşdırma apardıqdan sonra keçən il İngiltərədə höküməti sərt addımlar ataraq 16 yaşdan aşağı insanlara energetik içkilərin satışını qadağan edən qanun qəbul etdilər. AQTA da bu il energetik içkilərlə bağlı bəzi normativlər qəbul edib. Belə ki, həmin normativlərə əsasən məktəblərdə enerji içkilərinin satışı qadağan edildi və içkilərin üzərində onun tərkibində daxil olan maddələrin doza həddlərinin  qeyd olunması məcburiyyəti qoyuldu. Həmçinin də enerji içkilərinin qablaşdırmalarında bəzi ifadələrin yerləşdirilməsi də məcburidir. Bu ifadələrə “18 yaşından aşağı uşaqlara və ürək-damar, təzyiq xəstələrinə içmək qadağandır”, “GDO yoxdur”, “enerji içkisidir” kimi cümlələr aiddir. Qanunun qəbul olunmasına baxmayaraq onun tətbiqinə nə dərəcədə əməl olunduğu isə dəqiq məlum deyil.  

Bundan əlavə 2015-ci ildə  spirtli içkilərin reklamı qanununda bəzi sərt qaydalar tətbiq edildi. Belə ki, spirtli içkilərin televiziyada, jurnallarda, saytlarda reklamı, o cümlədən də  populyar insanlar tərəfindən  reklamını qadağan edən bəzi sərt qaydalar qoyuldu.

“ Mən bir qida mütəxəssisi kimi üzümü Mir Yusifə və Rəfael Ağayevə tutaraq onları bu içkilərin reklamından çəkinməyə çağırıram ”

Bir müddət əvvəl Milli Məclisdə millət vəkilləri Musa Quliyev və Qənirə Paşayeva tərəfindən energetik içkilərin satışına bir sıra qadağalar qoyulması  haqda təkliflə çıxış ediblər. Çox təəssüflər olsun ki, bu məsələ ilə əlaqədar gözlə görülə bilinəcək reaksiya yoxdur. Yəni enerji içkilərinə də spirtli içkilərdə olduğu kimi çox sərt reklam qaydaları tətbiq edilməlidir. Bu gün demək olar ki, əksər saytlarda, və televiziyalarda bu içkilərin yeniyetmələrin və gənclərin özlərinə örnək aldıqları sənət adamları, idmançıları hətta xalq artistləri tərəfindən reklamları mövcuddur.  Misal üçün xalq artisti adı almış Mir Yusif və qara brilliyant ləqəbli karateçi Rəfael Ağayev də energetik içkilərin reklamlarında rol alıblar. Təbiidir ki, az yaşlı uşaq və ya yeniyetmə öz kumirinə bənzəməyə çalışacaq. O elə başa düşəcək ki, əgər energetik içki içərsə o da sevdiyi idmançı və ya müğənni kimi güclü və ya sevilən ola bilər. Bunların qarşısını almaq üçün bu zərərli məhsulu xüsusən də azyaşlılar tərəfindən istifadəsinin qarşısını almaq üçün bu cür reklamlardan qaçmaq lazımdır. Mən bir qida mütəxəssisi kimi üzümü Mir Yusifə və Rəfael Ağayevə turaraq onların bu içkilərin reklamından çəkinməyə çağırıram .

Həmçinin də bu içkilərin satışı və reklamı barədə qanun qəbul edilməlidir və qanunun icrasına ciddi nəzarət edilməlidir. Millət vəkilləri tərəfindən reklam haqda bir sıra təkliflər verilsə də hələ ki, qanunda öz əksini tapmayıb. Bütün dünyada enerji içkilərinin reklamlarında qadağalar tətbiq edilməyə başlanılıb. Azərbaycanda da əvvəl-axır olacaq. Lakin bu qanun nə qədər tez qüvvəyə minərsə cəmiyyətimiz üçün bir o qədər faydalı olar. Bu içkilərin artıq orqanizmə vurduğu zərərlər həkimlər tərəfindən təsdiqlənib. Bu istiqamətdə aparılan araşdırmalar da bunu sübut edir. Energetik içkilər əslində insana enerji vermir, insanın daxilində olan enerjini bir anda çıxararaq sonradan onu halsız vəziyyətə salır. Onun tərkibində olan kompanentlərin çoxu asılılıq yaratdığı üçün insan davamlı olaraq bu içkilərdən istifadə etmək istəyir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir