Baklda xərçəg , türkiyədə isə qastrid diaqnozu qoyuldu - Tanınmış həkim başına gələnləri yazdı
Həkimlər Redaktorun Seçimi

Mənim səhvimi etməyin! – Həkim başına gələnlərdən yazdı

Artıq necənci dəfədir ki, bəzi həkimlərimizin qeyri peşəkarlığı, xəstəyə səhv diaqnoz qoymaqları, sadə əməliyyatlarda xəstənin ölümünə səbəb olmaları barədə çox faktlarla rastlaşırıq. Təəssüflər olsun ki, bu hallar ölkəmizdə ən adlı-sanlı, tanınmış klinikalarda da yaşanır. Bu dəfə isə savadsız həkimlərin qurbanı elə öz kolleqası oldu. Belə ki, tanınmış invaziv kardioloq Rasim Məhərrəmov da ona qoyulan səhv diaqnozun qurbanı olub. Həkim başına gələn hadisəni öz facebook səhifəsində paylaşıb. 1Arada.az olaraq onun paylaşımını olduğu kimi təqdim edirirk:

Əziz dostlar, dəyərli pasientlər, xanımlar və cənablar!

Bu yaxınlarda başıma gələn və mənə sözün əsl mənasında məzarımı göstərən, ailəmə və qohumlarıma psixoloji ağır travma verən bir hadisəni sizlərlə paylaşmaq istəyirəm. Bu başdan qeyd edirəm; hadisəni paylaşmaqda məqsədim, başıma gələnin, kimsənin başına gəlməməsi arzusudur. Necə deyərlər “başına gələn başmaqçı olar”.

Beləliklə: mədə nahiyyəmdə son zamanlar köp və ağırlıq hiss edirdim, təbii olaraq, həkim qastroenteroloq-endoskopist-ə müraciət etdim. Endoskopik mədə müayinəsindən sonra mədəmdə iltihab(qastrit) və ciddi eroziv sahənin olduğu mənə deyildi. Mədənin yara nahiyəsindən biopsiya materialı götürüldü və Bakı Patologiya Mərkəzinə histoloji müayinə üçün göndərildi.

22.07.2020 tarixli şəkildə görüldüyü kimi mənə nəticə olaraq: adenokarsinoma (mədə xərçəngi) diaqnozu qoyuldu.

Nəzərinizə çatdırım ki, xərçəngin bu növü pasienti ən tez dünyadan aparır.

Bir anlıq təsəvvür edin… Cərrahla danışdım və mənə dərhal mədənin təcili olaraq tamamilə çıxarılmasını (total qastroektomiya) və qarın bölgəsindəki limfa vəzilərinin (limfadisseksiya) xaric olunmasını məsləhət görüldü. Yeri gəlmişkən deyim ki, bu diaqnoza, cərrahın bu qərarı doğrudur. Çox böyük şok içində (uşaqlarımın üzünə baxa bilmirdim) Türkiyə Respublikasına (İzmir şəhərinə) üz tutdum. İzmirə gedərkən buradan mənim biopsiya materialımıda (bloku) özümlə apardım. Ege Universitetinin xəstəxanasında təkrar mədənin endoskopik müayinəsini etdilər və yenə biopsiya materialları aldılar (3 blok).

Endoskopik nəticə Bakıdakı nəticə ilə eyni idi. Biopsiyanın və PET(pozitron emissiya tomoqrafiyası) müayinələrinin cavablarında adenokarsinoma(xərçəng hüceyrəsi) inkar olundu.

Bakıda alınan 1 blok, İzmirdə alınan 3 blok-toplam 4 blok bioptantların hamısında qastrit aşkarlandı. Sonra bu blokları Ankara Dışkapı və İstanbul Memorial xəstəxanalarında da, yoxlatdırdım və eyni nəticəni aldım.

Mən Bakıya zəng etdim və patoloqa çatdırdım ki, xərçəng deyiləm və cavabında o yenə də, öz fikrində qaldığını dedi. 20.08.2020 tarixində, müalicə sonrası kontrol endoskopik müayinə olundum və mədədə görünən yaranın tamamilə sorulub yoxa çıxdığını, iltihabın minimal səviyyədə olduğunu gördüm (müalicə davam edir).

Mən Türkiyəyə gedərkən gözümün önündə bütün ailəmi, dostlarımı, etdiklərimi və edə bilməyəcəklərimi canlandırdım. Mənə deyilən diaqnoza görə bir neçə ay həyatım qalmışdı. Həyatımın 40 cı ilini yaşayıram, bilmirəm bu çoxdur ya az… bircə onu bilirdim ki, ailəmə, pasientlərimə, dostlarıma, çevrəmə, insanlara faydalı olacağım illər qarşıda idi… Çox şükür hər şey geridə qaldı və mən sadəcə çox insanda olan adi qastritdən əziyyət çəkirmişəm, o da sağalır. Bu olanları mənə xərçəng diaqnozu qoyan patoloqa dedim, mənə üzgünəm cavabını verdi…Mən həkiməm, o mənim həmkarımdır və bəzi hallarda biz səhvə yol verə bilərik, bu normaldır amma qastritlə mədə xərçəngini dəyişik salmaq, yumşaq desəm; çox kobud səhvdir!

Əgər mən Türkiyəyə gedib yenidən müayinə olunmasaydım, mədəm ilə tamamilə vidalaşmalı olacaqdım və sözümün canı; bu gün bir çox insanın başına bu gəlir və patoloqun yalnış rəyinə görə insanlar cərrahi masaya yatmalı olurlar. Hər kəsi günahlandırmaq lazım deyil və ölkəmizin səhiyyəsində ümumi vəziyyət bu deyil ona görədə xahiş edirəm fikrimi düzgün anlayın. Mən, Bakı Patologiya Mərkəzində çalışanlardan bəhs edirəm. Kim bilir mən neçənci idim.. Düşmənimədə bu yaşadıqlarımı arzu etmirəm!

Sonda bir daha vermək istədiyim 2 mesaj:

  1. Əgər bir gün kiməsə xərçəng diaqnozu qoyularsa və burada şübhəli vəziyyətdirsə, cərraha müraciət etmədən öncə bir daha (başqa yerdə) yoxlatdırın.

2. Vicdansız və işbilməz “həmkarlarım” Allahdan qorxsunlar, özlərinə və sənətimizə hörmət etsinlər, Azərbaycan səhiyyəsinə (kifayət qədər uğurludur), həkiminə, ləkə olmaqdansa getsinlər alverlə başlarını qatsınlar. Bu peşə öncə insanlıq sonra elm və düzgün davranış tələb edir!… Hər birinizə diqqətli olmağa, həyatınızı hiss edərək yaşamağa və sağlam olmağı arzu edirəm!!!

Unutmayaq: yaşatdıqca, yaşayırıq…

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir