Transplantoloq Kök hüceyrədən yeni orqan hazırlanacaq
Müsahibələr Redaktorun Seçimi

Transplantoloq: Kök hüceyrədən yeni orqan hazırlanacaq

Orqan transplantasiyası bütün dünyada uğurla tətbiq edilir  və ümidsiz xəstələrin həyatını xilas etmək üçün son çıxış yolu hesab edilir.  İlk dəfə canlıdan qaraciyər transplantasıyası 2008-ci ilin dekabr ayında Şimalı Qafqaz üzrə Azərbaycanda cərrah və transplantoloq Mircəlal Kazımi tərəfindən icra edilib. Daha sonra da Azərbaycanda orqan köçürülməsinin intibah dövrü başladı.  Bir neçə gün əvvəl isə Mircəlal həkim və onun komandası tərəfindən  500-cü böyrək transplantasiyası əməliyyatı həyata keçirilib. Bu günə qədər isə toplam olaraq  700-dən çox orqan köçürülməsi əməliyyatı həyata keçirilib.

1Arada.az-ın mövzu ilə bağlı suallarını ümumi cərrah -transplantoloq Mircəlal Kazımi cavablandırıb.

Azərbaycanda orqan transplantasiyası zamanı donor necə seçilir?

Hal-hazırda Azərbaycanda qaraciyər və böyrək kimi orqanların köçürülməsi qohum donorlardan əldə edilərək həyata keçirilir. Bu zaman böyrəyin biri, qaraciyərin isə bir payı orqana ehtiyacı olan xəstəyə  köçürülür. Əməliyyatdan əvvəl donorun xəstəyə uyğunluğu yoxlanılır və müsbət cavab əldə edilərsə  əməliyyat həyata keçilir.

Azərbaycanda xəstələrə meyiddən və ya heyvanlardan orqan köçürülməsi həyata keçirilirmi?

Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasında ksenotransplantologiya qadağandır. Yəni hər bir heyvandan donor kimi istifadə edilmir. Bu praktika dünyada sınaq mərhələsindədir. Hələ ki, elmi tərəfdən öz təsdiqini tapmayıb. Ksenotransplantasiya yəni heyvan orqanlarının insana köçürülməsi transplantalogiya yeni yaranan vaxtlarda eksperimental şəkildə və ya müvəqqəti olaraq insan həyatını xilas etmək məqsədilə tətbiq edilib. Ancaq bu məsələ geniş vüsət almayıb. Hal hazırda canlı insanlardan və meyiddən orqan köçürülməsinə daha çox üstünlük verilməsidir. Təkcə Azərbaycanda deyil, bir çox ölkələrədə heyvanlardan əldə edilən orqanların transplantasiyası qadağandır. Burda bir çox səbəblər var. Ən əvvəl etik qaydalar, genetik uyğunsuzluq və heyvanların qorunma haqqları məsələlərinə görə bu mümkünsüzdür. Heyvanlardan, məsələn donuzlar üzərində daha çox təcrübələr aparılıb. Amma onların da insanla genetik uyğunsuzluğu var. Genetik cəhətdən 100 faiz uyğun olmayan orqanın insana köçürülməsi gələcəkdə onun sağlamlığında bir sıra problemlər yarada bilər. Ümumiyyətlə heyvandan insana orqan köçürülməsi məsələsi 30-40 il əvvəl təcrübəyə qoyulub və bir effektli nəticə əldə edilməyərək bitililib. Müasir zamanda bu məsələ aktual deyil.

Meyiddən orqan köçürülməsi də qanunvericilikdə mövcuddur. Amma hələ ki, ölkəmizdə tətbiq edilmir. Burada bir çox məqamlar var. Məsələn beyin ölümünü kimin təsdiqləməsi, orqanların kimlərə köçürülə biləcəyi, beyin ölümü keçirən şəxsin yaxınlarının icazə verməsi kimi  bir sıra hüquqi və sosial məqamlar mövcuddur. Azərbaycanın tibb praktikasında hələ ki, meyiddən orqan köçürülməsi tətbiq edilməyib.

Hal-hazırda transplantalogiya sahəsində hansı yeniliklər var?

Hal-hazırda aparılan işlər başqa istiqamətdədir. Müasir transplantalogiya daha da inkişaf edərək daha təkmil və sağlam bir orqanın yaratmaq yollarını axtarır və bu üzrə işlər aparılır. Bunun üçün də kök hüceyrələrindən istifadə edilir. Bu texnologiyaya əsasən xəstə orqanın karkası qorunub saxlanılır və kök hüceyrəsindən yenidən yetişdirilən toxumalarla həmin orqanın içi doldurulur. Yəni material ora yüklənir və insanın öz orqanı qorunub saxlanılır. Bu zaman əmələ gələn orqan daha sağlam və uzun ömürlü olur. Hələ ki, eksperiment mərhələsində olan bu çalışmalar gələcəkdə transplantalogiya sahəsində daha uğurlu nəticələrə imza atılacağına ümid verir. Belə ki, transplantoloqlar kök hüceyrəsi vasitəsilə yeni orqan yaradılması yaxın gələcəyin nailiyyətini hesab edilir.

İnsan döğulduqda onun kök hüceyrələrin götürülərək dondurulmuş vəziyyətdə saxlanılır. Gələcəkdə ehtiyac olduqda kök hüceyrəsindən yeni yetişdirilir. Hal hazırda transplantalogiyada yaranan donor problemlərini aradan qaldırmaq üçün bu sözügedən məsələ daha aktualdır. Yəni bu üsulla əldə edilən orqan xəstənin öz bioloji materialından hazırlandığı üçün uyğunsuzluq və s. bu kimi problemlər yaratmayacaq.  Həmçinin də orqan transplantasiyası üçün donor tapmaq problemi də aradan qalxacaq. Burda məqsəd də alternativ donor hovuzunun olması və yeni orqan üçün canlı və ya meyid donorlara olan ehtiyacın aradan qalxmasıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir