Sarılıq xəstəliyi Əlamətləri, müalicəsi
Xəstəliklər

Sarılıq xəstəliyi: Əlamətləri, müalicəsi

Sarılıq, yaş fərqi olmadan insanlar arasında ən geniş yayılmış xəstəliklər sırasında öndə yer alır. 1883-cü ildə rus həkim Sergey Botkinin klinik müşahidələrdən sonra xəstəliyin infeksion olduğu müəyyənləşib. Bu səbəbdən sarılığın digər adı onun şərəfinə olaraq botkin adlandırılıb.

1Arada.az bildirir ki, sarılıq (botkin) xəstəliyinin törədicisi xüsusi növ süzülən viruslardır. Bu viruslar xüsusən sarılıqdan qabaqkı dövrdə və sarılıq dövrünün birinci 10-12-ci günlərində xəstənin qanında, ödündə və nəcisində olur. Süzülən viruslar xəstənin orqanizmindən, əsasən, nəcislə xaric olur. Xəstəlik törədicisi epitelial hüceyrələrdə artıb çoxalaraq birinci növbədə qara ciyəri zədələyir. Sarılıq xəstəliyinə enteral yolla – xəstə insanın nəcisiylə infeksiyalaşmış çirkli əllərlə, onun ifrazatı ilə çirkləndirilmiş su, süd və eləcə də qida məhsullarıyla süzülən viruslar mədə-bağırsaq traktına keçdikdə yoluxulur. Xəstələr sarılıq önü və sarılıq dövrünün birinci 10-12-ci günləri daha yoluxucu sayılırlar. Buna baxmayaraq onlar xəstəliyin sonrakı günlərində də yoluxucu olaraq qalmaqda davam edirlər: “Xəstəliyin törədicisi mədə-bağırsaq traktına daxil olaraq, burada iltihabi dəyişikliklər əmələ gətirir və kapillyar qan-damarlarının divarından qan dövranına daxil olmağa başlayır ki, xəstəliyin əsas əlamətlərindən olan temperatur yüksəlməsi baş verir. Virus qara ciyərin hüceyrələrində və qara ciyərin pərdəsində bir sıra anatomik dəyişikliklər törədir. Xəstəlik şiddətləndikcə qara ciyərin suli karbon, zülal, su, duz və vitamin mübadilələrində iştirakı pozulur. Öd piqmentləri və öd turşuları çoxlu miqdarda qana keçir və nəticədə selikli qişalar, skleralar sarı rəngə boyanır, dəri qaşınmağa başlayır”.

Əlamətləri

Həkim deyir ki, xəstəliyin inkubasiya dövrü 50 günə qədər, şpris (inyeksiya) hepatitində isə çox uzun 200 günə qədər davam edir. Enteral yolla adi yoluxma şəraitində xəstəlik 2 gündən 10 günə qədər davam edən sarılıq önü dövrlə başlanır. Sarılıqdan qabaqkı dövrdə xəstənin ümumi halı pozulur. Onda əzginlik, tez yorulma, baş ağrısı kimi hallar müşahidə edilir. Xəstələrin çoxunda iştahanın itməsi, qarın nahiyyəsində təzyiq hissi, mədə bulanması, təkrari qusma, mədə qıcqırması, bəzən qəbizlik, bəzən də ishal müşahidə olunur. Xəstəliyin ilkin əlamətlərindən biri sidiyin rənginin dəyişməsidir: “Bu zaman sidik tünd qonur rəngdə olur. Eyni vaxtda və ya 1-2 gün sonra qara ciyər tədricən böyüyür, sağ qabırğaaltı nahiyyədə ağrılar baş verir. Sonra xəstəliyin xüsusiyyətini müəyyən edən sarılıq dövrü başlanır. Əvvəlcə sarılıq gözlərin sklerasında, sərt damaqda görünür, sonra sarılıq bütün dəri örtüyünü bürüyür. Öncə dəri açıq sarı rəngdə olur, rəngin tündlüyü tədricən artır və sarılıq dövrünün 12-14-cü günlərində maksimal dərəcəyə çatır. Xəstəliyin 15-20-ci günlərində dəri narıncı, zəfəran və ya torpaq rənginə çalır, 18-22-ci günlərindən başlayaraq rəngdə solma hiss olunur. Xəstəliyin 3-11-ci günlərində nəcis rəngsizləşməyə başlayır və bozumtul ağ rəng alır. Bu rəngsizləşmə 10-15 gün çəkir. Buna səbəb isə qara ciyərin xeyli şişərək kapillyarlara və öd yollarına təzyiq etməsi nəticəsində ödün müvəqqəti olaraq bağırsağa tökülməsidir. Xəstələrin çoxunda dəridəki sarılığın artması ilə yanaşı, qaşınma meydana çıxır. Qaşınma bəzən güclü bəzən isə zəif olur və yuxu pozğunluğuna səbəb ola bilər”.

Bilirubin


Sarılıq xəstəliyində qara ciyər hüceyrələrinin bilirubin xaricetmə funksiyası pozulur. Normada bilirubin öd axacağı ilə bağırsağa ifraz edilir. Buna görə də öd piqmentləri çoxlu miqdarda qana keçir və sarılığın meydana gəlməsinə səbəb olur. Qanda bilirubinin miqdarı həddən artıq yüksəlir: “Qanda bilirubin miqdarının yüksəlməsi ilə paralel olaraq sidikdə öd piqmentlərinin ifrazı çoxalır. Nəcis ilə ifraz edilən öd piqmentlərinin miqdarı hələ xəstəliyin əvvəlindən başlayaraq azalır, nəcis müvəqqəti olaraq rəngsizləşdikdə isə bağırsaqda oksidləşmiş bilirubin ya olmur, ya da çox cüzi miqdarda ifraz edilir. Xəstə sağaldıqca qanda bilirubinin miqdarı normaya enir. Nəcisin normal rəngi bərpa olunur. Xəstəliyin 3-4-cü həftəsindən başlayaraq xəstənin halında yaxşılaşma görünür, pataloji simptomlar tədricən çəkilir. Dəri örtüyü və görünən selikli qişalar solur. Sarılıq keçəndən sonra isə qara ciyər də kiçilməyə başlayır, qanda bilirubinin miqdarı azalır, iştaha bərpa olunur. Lakin orqanizmin bütün funksiyaları tam bərpa olunana qədər xəstə yataqda qalmalıdır”.

Xəstəliyin uzun formasında dəridəki sarılıq 2-3 ay və daha artıq davam edir. Qanda bilirubinin miqdarı artır, qara ciyər böyüyür və ağrıyır. Xəstəliyinin xronik formaları isə 2-3 il davam edir. Həm üzün sürən, həm də xronik formalar bəzən qara ciyər serrozunun meydana çıxmasına səbəb olur. Sarılıq xəstəliyi qara ciyər serrozunu törədən əsas səbəb sayılır. Qara ciyərin uzun müddət böyümüş qalması, bərkiməsi eləcə də piqment mübadiləsi pozulmasının uzun müddət davam etməsi serrozun yaranmasına əsas səbəbdir: “Qara ciyərin kəskin sarı distrofiyası (maddələr mübadiləsində pozğunluq) xəstəliyin ən ciddi ağırlaşması sayılır. Çox vaxt bu ağırlaşma sarılıq dövrünün yarısında baş verir. Lakin kəskin atrofiya (kiçilmə) xəstəliyin 6-7-ci günlərində meydana çıxır. Xəstədə iştahanın tamam itməsi, gecələr yuxusuz olduğu halda gündüzlər xeyli yuxululuq, qusma, temperaturun artması kimi hallar müşahidə edilir. Xəstənin nəfəsi tezləşir, qara ciyər kiçilir, bərkimiş və ağrılı olur. Tədricən qara ciyər koması halı meydana çıxır. Komanın başlanğıcında əvvəl xəstənin əhvalı düşkün olur. Burundan, diş ətindən, bağırsaqdan qanaxmalar müşahidə edilir. Nəfəs tezləşir, fasiləli olur, xəstənin ağzından qara ciyər iyi gəlir”.

Müalicə

Həkim-infeksionistin sözlərinə görə, xəstəliyin profilaktikası məqsədi ilə yenidoğulmuş körpələrə peyvənd vurulur. Ancaq vaksinasiya tədbirləri heç də xəstəliyə yoluxmamağa zəmanət vermir.
Xəstəliyin dizqnozu qan analizinə əsasən qoyulur. Analiz müsbət nəticə verdiyi təqdirdə xəstələr dərhal qospitalizə edilməlidir. Xəstəliyin klinik simptomları keçənə qədər və qara ciyər funksiyasını bərpa edənə kimi pasientlər yataq rejimində qalmalıdır. Müalicə zamanı qaraciyərdə qlükogeni artırmaq üçün venaya 5 %-li qlükoza vurulmalıdır.
Qara ciyərin kəskin ya da yarım kəskin distrofiyası zamanı xəstələrə təxirəsalınmadan gün ərzində 3 litr damcı üsulu ilə qlükoza köçürülməlidir. Xəstəyə yağın miqdarını azaltmaqla və ağartılı-nəbatili pəhriz təyin edilir. Pəhrizdən heyvani və çətin əriyən yağları çıxarmaq lazımdır. Qida gündə 4-5 dəfə yarım duru şəklində verilir. Gün ərzində qidanın ümumi miqdarı 3000 kaloridən artıq olmalıdır. Hər növ qızardılmış yeməklər, konservlər, duza və turşuya qoyulmuş salatlardan imtina etmək lazımdır. Qidalanmada, əsasən, süd məhsullarından, qatıq, kəsmik və kefirdən, həmçinin şirin qidalardan mürəbbə, cem, baldan istifadə olunmalıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir