Özümü heç vaxt şou sahəsinə aid etmirəm - tanınmış aparıcı ilə müsahibə
Məşhurlar Müsahibələr Redaktorun Seçimi

“Özümü Heç Vaxt Şou Sahəsinə Aid Etmirəm” – Tanınmış Aparıcı ilə Müsahibə

Yeni ilin gəlişinə saatlar qalır. Bayram əhval ruhiyyəli bu günlərdə telekanallarımızda yayımlanan bir çox əyləncəli, musiqili şou verilişləri bir-birini əvəzləyir. Bayram ab-havalı bu günlərdə bir çoxlarının sevimlisi olan tanınmış və sevilən teleaparıcı Xədicə Sənanqızı ilə həmsöhbət olduq.

1Arada.az saytı Xədicə xanımla etdiyi müsahibəni oxucularına təqdim edir:

  • Xədicə xanım, sizi şou verilişlərinin aparıcısı kimi tanısaq da uzun müddət bu sferadan uzaqda qalmısınız. Tamaşaçılar sizi uzun müddət İTV-də yayımlanan tibbi mövzulu “Sağlam yaşamaq” verilişinin aparıcısı kimi efirdən izləyiblər.
  • Bu mənim öz seçimim idi. Mən sözügedən verilişdən əvvəl başqa bir layihəyə təsdiq olunmuşdum. Bu veriliş sənətçilərlərin qonaq olacağı əyləncəli bir veriliş idi. Lakin mən tibb sahəsini seçdim. Açığı bu sahənin mənim üçün daha maraqlı olacağını və həmçinin də mənim bu sahədə daha yararlı olacağımı düşündüm. Elə də oldu. Mən 5 il müddətində “Sağlam yaşamaq” adlı tibbi verilişin aparıcısı kimi fəaliyyət göstərdim.

Məlum olduğu kimi mən səhəttimlə bağlı çox ağır günlərdən keçmişəm, ölümlə üz-üzə qalmışam, həyat uğrunda mübarizə aparmışam. 19 il bundan əvvəl keçirdiyim ağır xəstəlik nəticəsində çox çətin günlər yaşamışam. Həyatımın 3 ilini xəstəxanada keçirdiyimə görə, bu sahə mənim üçün yaxındır. Bu veriliş sayəsində savadlı həkimlər tanıdım, veriliş vasitəsilə şəfa uman insanlara vasitəçi oldum. Mən həmin proqramda ruhən qidalanırdım. Tibb verilişində aparıcı olmağın özü böyük bir məsuliyyətdir. Çünki hər bir cərrahi əməliyyat əslində bir risk daşıyır. Mənim anam indi çox məşhur olan bir göz cərrahı tərəfindən əməliyyat olaraq gözünün nurundan məhrum oldu. Halbuki bu çox sadə bir əməliyyat idi və həkimin səhvi ucbatından anam ömrünün sonuna qədər gün işığından məhrum yaşadı.

Özümü heç vaxt şou aləminə aid etmirəm. Daha dəqiq desəm mən daha çox mədəni, maarifləndirici, musiqili layihələrin aparıcısı olmuşam. Bu sahədə 22 illik təcrübəm var. İndiyə qədər qalmaqallardan, mübahisələrdən uzaq biriyəm. Mən hər zaman mədəniyyətə xidmət etmişəm. İlk dəfə “Muğam” və “Azərstar” müsabiqələrinin aparıcısı olmuşam. Həmçinin də kimsəsiz uşaqlarla bağlı çox gözəl bir layihənin də aparıcısı kimi fəaliyyət göstərmişəm. Səhər proqramları, tok-şou, sosial mövzulu bir çox verilişlərin aparıcısı olduğum üçün özümü şou aparıcısı hesab etmirəm.

  • Mən jurnalist olamayaraq 2 dəfə Həsən bəy Zərdabi mükafatına layiq görülmüşəm. Humay mükafatçısıyam, bundan əlavə başqa mükafatların da qalibiyəm. Çəkdiyim əziyyətin müqabilində dəyərləndirilirəmsə və jurnalist olmadan jurnalistə veriləcək ən yüksək mükafata Həsən bəy Zərdabi mükafatına layiq görülürəmsə bu işdə uğurlu olduğumu deyə bilərəm.
  • Hal-hazırda Azərbaycan Televiziyasında, mədəniyyət sahəsində çalışırsınız. İşinizdən məmnunsunuzmu?
  • Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında “Gün başladı” adlı gündəlik proqramın aparıcısıyam. Bu veriliş də maarifləndirici, əyləncəli, musiqili proqramdır. Ən əsası odur ki, bu verilişə dəvət olunan qonaqlar tamaşaçıda qıcıq yaratmayan insanlardır. Biz heç bir zaman tamaşaçını stressdə saxlamırıq, onlara gərgin anlar yaşatmırıq. İzləyicimizin bizi izlədiyi 1 saat daha səmərəli və yaddaqalan keçsin deyə biz əlimizdən gələni əsirgəmirik. Verilişdə mədəniyyətdən, Azərbaycanımızın əldə etdiyi uğurlardan və bir çox başqa mövzulardan danışırıq. İşimdən çox məmnunam, rahatam çünki burda qalmaqal, stress, gərginlik yoxdur. Sevdiyim işlə məşğulam. Kanalımızın konsepsiyası tamamilə dəyişib. Gələcəkdə tamaşaçıların qarşısına yeni layihələrlə çıxacağıq. İzləyicilərə daha maraqlı və fərqli proqramlar təqdim edilir. Kanala ölkəmizin ən tanınan aparıcıları cəlb olunub. Bu da məni çox sevindirir. Mən hər zaman dostlarımın uğuruna sevinən insanam. Buna görə də allah hər zaman mənim yolumu açıq edir.
  • Çox gözəl, təravətli və efirə yaraşan qadın olduğunuz danılmazdır. Bunu bacarmaq üçün hər hansı bir sirriniz varmı?
  • Bu sözləri eşitmək çox xoşdur. Amma mən heç vaxt özümü gözəl hesab etməmişəm. Həyatda olduğum, sağlam olduğum üçün, düşünən beynimin, tutan əllərimin, ayaqlarımın olduğu üçün allaha min dəfə şükür edirəm. İnsanın xaricinin gözəl olması üçün onun daxilinin gözəl olması vacibdir. Mənə görə, insanın əsas gözəlliyi onun insani keyfiyyətlərinin çox olmasındadır. Çünki əgər insan insaniyyətdən çıxarsa heç şübhəsiz ki, onu daxili aləmi üzünə vuracaq. Demirəm ki, mənim daxili aləmim o qədər təmizdir ki, gözəlliyi simama vurur. Ən azından mən vicdanlı və ədalətli biriyəm. Mən adekvat insanam, hansı anda yalnış addım atdığımı, hansı anda doğru addım atdığımı bilirəm. Əgər yalnışım olursa yaşından, cinsindən asılı olmayaraq hər zaman üzr istəməyi bacarıram. Hər zaman da ilk addımı ata biləcək bir insanam. Haqsızlığa uğrasam belə heç zaman həmin adamın hərəkəti ilə ona cavab vermərəm. Yəni altdan iş görmürəm, sadəcə olaraq həmin insanı həyatın axarına buraxıram. Həmin insan sadəcə olaraq mənim üçün ölür. Və yaşanan həmin situasiyanı yaddaşımdan silməyə çalışıram. Həyat həm qəlizdir həm də çox gözəl. Əslində isə həyatı qəlizləşdirən də elə insanlar özləridir. Hər bir insanın bu gün maddi, mənəvi və s. kimi bir çox problemləri var. Sadəcə olaraq həyatdan zövq almaq lazımdır. Bu gün mən bir qadın olaraq, cəmiyyətin bir üzvü olaraq hərtərəfli xoşbəxt və həyatımdan məmnun insanam.

Qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının Həmrəylik günü münasibətilə bütün həmkarlarımı, həmvətənlərimi və 1Arada.az oxucularını təbrik edirəm. Qoy bu il hər kəs üçün düşərli olsun, anaların gözü yaşlı qalmasın, itirdiyimiz torpaqlar sülh yolu ilə qaytarılsın, ölkəmiz əmin amanlıq içərisində olsun.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir