DİM-in “novator”luğuna SƏRT ETİRAZ “Qəbul imtahanları ləğv olunmalıdır” – Şahlar Əsgərov
Təhsil

DİM-İn “novator”luğuna SƏRT ETİRAZ: “Qəbul İmtahanları ləğv olunmalıdır” – Şahlar Əsgərov

“Şagirdin orta məktəbdə keçdiyi eyni fənlərdən iki dəfə imtahan verməsi axmaqlıqdır”.

1Arada.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanların təşkili ilə bağlı tətbiq etdiyi bir sıra qaydaların səmərəsizliyindən danışan professor Şahlar Əsgərov deyib.

Şahlar Əsgərovun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının keçirilməsi milli maraqlara uyğun deyil:

“İyirmi il bundan qabaq Rusiyanın təhsil naziri deyirdi ki, dövlət tərəfindən həm qəbul, həm də buraxılış imtahanı keçirmək məntiqə sığmır. Çünki şagirdin orta məktəbdə keçdiyi eyni fənlərdən iki dəfə imtahan verməsi axmaqlıqdır.

Mən də artıq otuz ildir ki, eyni şeyi deyirəm. Həm Məleykə xanımla (DİM-in sədri Məleykə Abbaszadı – red.) görüşəndə, həm də televiziyada təşkil olunan debatlarda demişəm ki, Azərbaycanın indiki durumunda qəbul imtahanına ehtiyac yoxdur.

Qəbul imtahanı sovet dövründə vacib idi. Çünki hər 100 uşağın 33-ü ali məktəbə qəbul olurdu, 67-si isə “sovxoz” üçün fəhlə kimi hazırlanırdı. Bütün SSRİ-də 100 nəfərdən 33-ü ali savadlı idi, onlara təyinat verilirdi. Tələbələr təqaüd və yataqxana ilə təmin edilirdi.

Dünya ölkələri gənclərin ali təhsilli olmasına çalışır. Bu, cəmiyyətin intellektual səviyyəsinin artmasına səbəb olur. Ancaq qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Administrativ yollarla imtahan keçirib, abituriyentləri bu və ya başqa universitetə yerləşdirmək doğru deyil.

Əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Çünki bizim orta məktəbi bitirən şagirdlərin təqribən 70 faizi yerli universitetlərə, qalanları isə xarici universitetlərə üz tuturlar.

Bu 70 faizin 60 faizini bizim universitelərə götürüb, onları oxuda bilərik. Seçim aparmaq üçün yüngül test, yaxud da müsahibə keçirmək olar. Bunun üçün hay-həşir qoparmağa, imtahan üçün çox sayda sənədlər toplamağa, gərginlik yaşamağa ehtiyac yoxdur.

Bu məsələlər gənclərin əsəblərini korlayır, milli maraqlara və dövlətçiliyə ziddir. Qəbul imtahanlarına bəzən elə suallar salırlar ki, onlara heç müəllimlər də cavab verə bilməz. Bütün bunlara son qoymaq lazımdır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir