Dənizin dibində yaşadığına inandığımız "Amfibiya Adam"
Hər Şeydən Bir Az Məşhurlar

Dənizin dibində yaşadığına inandığımız “Amfibiya Adam”

“Amfibiya adam” bədii filminin bəyaz pərdəyə çıxdığı vaxtdan yarım əsrə yaxın vaxt keçir. Film üçün bu, az müddət deyil. Bu zaman kəsiyində çox ekran əsəri yaranıb. Populyarlığını uzun müddət saxlamaqsa hər filmə nəsib olmur. “Amfibiya adam” fantastik filmi bu gün də ekranlardan düşmür. Filmin yaradıcı kollektivi, xüsusilə rejissor Vladmir Çebotaryov çəkilişə başlayanda bu əsərin müvəffəqiyyət qazanacağına inanırdı. Ondan fərqli olaraq, başqa cür düşünənlər, filmə bir qədər skeptik yanaşanlar da vardı. O üzdən də çəkilişə kifayət qədər maliyyə vəsaiti ayrılmasına da ürək eləmirdilər. Ancaq çoxları bilmirdi ki, “Amfibiya adam” böyük gəlir gətirən film olacaq. Yarım il ərzində filmə 65 milyon tamaşaçı baxmışdı. 

60-cı illərin əvvəllərində fantastik ədəbiyyata meyl yüksək idi. Nəşriyyatlar oxucu tələbatanı nəzərə alaraq fantastik əsərlərin çapına geniş yer verirdilər. Təbii ki, kinematoqraf bu axından kənarda qala bilməzdi. Məhz belə bir vaxtda “Amfibiya adam” filminin ekranlara çıxması sözün əsl mənasında sovet kino həyatında sıçrayış idi. Ölkənin kino tarixində ilk dəfə idi ki, belə bir mövzuya müraciət edilirdi. Sovet kinematoqrafiyasında sualtı epizodların çəkilişi təcrübəsi yox idi. Elə ilk günlərdən rejissor Vladimir Çebotaryov texniki imkansızlıqdan yaranan problemlərlə qarşılaşmalı oldu. Filmdeki sualti epizodlarda  daha cox natura cekilishlerine ustunluk verilirdiki. Bu da  filmdəki hadisələri daha maraqlı və inandırıcı edirdi. Onu da deyim ki, filmin bir çox epizodları Bakıda çəkilib. Bu səbəbdən “Amfibiya adam” bizim tamaşaçılar üçün ikiqat sevimlidir. Filmin yaranma tarixi də çox maraqlidir. Filmin rejissoru Çebotaryov sənətdə yeni söz demək, ekrana yeni mövzu gətirmək arzusundaydı. “Lenfilm” kinostudiyasında bir neçə ssenariylə tanış oldu. Onların arasında “Amfibiya adam” daha çox diqqətini cəlb etdi. Ssenari zəif yazılsa da bu, rejissoru qorxutmadı, onun üzərində yenidən işləndi. Çebotaryov ssenarinin diqqətdən kənarda qalmasının səbəbini yaxşı bilirdi, bilirdi ki, fantastik filmin çəkilişi texniki baxımdan mürəkkəbdir və bu ağırlığı çiyinlərinə götürsə, heç şübhəsiz o, böyük çətinliklərlə qarşılaşmalı olacaq. Bir də ki, rejssorun bu sahədə təcrübəsi yox idi. Ondan ötrü ən çətin problem baş rolların oyunçularını tapmaq idi, xüsusən də İxtiyandr rolunun ifaçısını. İxtiandr elə bir aktyor olmalıydı ki, fantastik hadisələrin dərinliyinə dala bilsin. Aktyorun xarici görünüşü, üzünün ifadəsi, baxışı, manerası əsərin qəhrəmanına uyğun gəlməlidi. Ən başlıcası isə taleyin hökmündən suda-quruda həyat sürməyə, sonda isə yalnız okeanda yaşamağa məhkum olmuş bir gəncin ürək çırpıntılarını, məhəbbətini, həyat eşqini tamaşaçıya çatdırmaq idi. Bu isə aktyordan böyük bacarıq, ustalıq tələb edirdi. Çebotaryov rolda gözlərində dəniz maviliyi, dəniz dərinliyi olan bir gənc görürdü. Uzun axtarışdan sonra o, teatr institutunun birinci kurs tələbəsi Vladimir Korenevin üzərində dayandı. O, seçimində yanılmamışdı. Korenevi milyonlarla tamaşaçı . Sevdi bəs onu milyonlara sevdirən ne idi? Hər şeydən əvvəl, səmimiliyi, roldakı sərbəstliyi, obraza girmək bacarığı, qəhrəmanın yaşadığı hissləri tamaşaçıya çatdıra bilmək qabiliyyəti. Vladimir Korenev və onun tərəf-müqabili Anastasiya Vertinskaya genc və təcrübəsiz olsalar da, oynadıqları rolların öhdəsindən bacarıqla gəldilər. Filmdə yadda qalan surətlərdən biri də bədxah, xəbis Zurita obrazıdır. İstedadlı aktyor Mixail Kazakov bu rolu özünə məxsus bir ustalıqla oynayıb. Çəkiliş zamanı yaranan texniki çətinliklərdən biri də fauna və florası ilə çox da zəngin olmayan Qara dənizdə okean mənzərəsi yaratmaq idi. Köpək balıqlarıyla, delfinlərlə bağlı epizodların çəkilişində çox problemlər ortaya çıxırdı. Havaların soyumağı da bir tərəfdən çətinliklər  yaradırdı. Bu isə aktyorlarla yanaşı filmin operatoru Eduard Kozlovsknin də çetin vəziyyətlərə saldi. Demek olar ki, bu epizodlar operatorun adı ilə bağlıdır. Lakin bütün bunlara baxmayaraq kino çəkilişi müvəffəqiyyətlə başa çatdı və film 1961-ci ilin sonunda ekranlara çıxdı. Film ilk nümayişdən tamaşaçıların rəğbətini qazansa da, qəribədir ki, yuxarılardan amansız tənqid atəşinə məruz qaldı. 1962-ci ildə İtaliyanın Triest şəhərində keçirilən fantastik filmlər beynəlxalq kino festivalında “Gümüş yelkən» mükafatına layiq görüləndən sonra tənqidçilərin əsərə münasibəti dəyişdi. Tənqid, tənqidçi fikri öz yerində, əsl sözü onlardan öncə tamaşaçılar demişdilər. Film sözün əsl mənasında ölkənin kino dünyasında bir partlayış idi. Və təsadüfi deyil ki, bu ekran əsərindən sonra Belyaevin yaradıcılığına, o cümlədən fantastik janrdakı əsərlərə maraq xeyli artdı.

Filmə baxanlar onun musiqisinə qiymət verməmiş deyillər. Musiqi filmin ideya və məzmununa tam cavab verir desək, yanılmarıq. Kinoda musiqi ikinci dərəcəli iş sayıla bilməz. Təsadüfi deyil ki, “Amfibiya adam” ekranlara çıxandan sonra onun musiqisi dillərdən düşmürdü. Filmdə səslənən musiqinin bəstəkarı Leninqraddan gelen Andrey Petrov idi. Demək olar ki, bu film bəstəkar Andrey Petrovun qarşısında yeni yaradıcılıq üfüqləri açdı, onu populyarlaşdırdı. “Amfibiya adam” o vaxt ölkənin kino tarixində yeni bir addım, yeni bir səhifə idi. Film yaradıcı kollektivə, o cümlədən baş rolların gənc ifaçılarına və rejissor Vladimir Çebotaryova şöhrət qazandırdı. Əslində onlar bu şöhrətə layiqdilər. “Amfibiya adam” bütün çətinliklərə rəğmən ekranlara yol tapdı. Film yadda qalan, repertuardan düşməyən, bu gün də maraqla baxılan ekran əsəri kimi yaşamaqdadır. “Amfibiya adam” altmışıncı illər romantikasının himniydi. Bu film zamanı qabaqlamaq eşqiylə yaşayan, min bir maraqla gələcəyə baxan insanın utopik düşüncələrinin, təxəyyülünün romantikasıydı. Bu film gənclərə sevgi-məhəbbət hissləri aşıladı – İxtiandr sevgisi, məhəbbəti. Filmə baxandan sonra qızlar dəniz sahilinə gəlib, hündür qayalıqdan ağ köpüklü dalğaları seyrə dalırmışlar, inanırmışlar ki, mavi sularda mavi gözlü bir oğlan – Amfibiya adam yaşayır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir