Bakıda Mall-ların fəaliyyətinə bir şərtlə icazə verilə bilər
Hər Şeydən Bir Az

Bakıda “Mall”ların fəaliyyətinə bir şərtlə icazə verilə bilər

“Bir neçə iri ticarət mərkəzi və “mall”ların açılmasına icazə vermək olar. Lakin orada bütün dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməlidir”.

1Arada.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib. 

Onun sözlərinə görə, ikinci etapda yumşaltmağa getmək lazımdır ki, əhali işləsin və ölkə iqtisadiyyatında çətinlik yaranmasın:

“Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ciddi tədbirlər həyata keçirilib. Ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılıb. Qərargah isə insanlara daim məlumatlar verir, xəbərdarlıqlar edir. İkinci etapda yumşaltmağa getmək lazımdır ki, əhali işləsin və ölkə iqtisadiyyatında çətinlik yaranmasın. Təəssüf ki, bəzi insanlarımız bunu başa düşmürlər. Mayın 4-dən sonra koronavirusa yoluxanların sayı yenidən artmağa başladı. Buna görə bu məsələdə ehtiyatlı davranmaq vacibdir.

Fikrimcə, bir neçə iri ticarət mərkəzi və “mall”ların açılmasına icazə vermək olar. Lakin orada bütün dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Həm ticarət mərkəzlərinə daxil olanlar, həm də orada işləyən şəxslərin yoluxma riskləri minimuma endirilməlidir. Əks təqdirdə bu, ciddi fəsadlara gətirib çıxara bilər. Amma buna heç kim zəmanət verə bilmir. Yumşaltma prosesi getdiyi müddətdə əgər problemlər üzə çıxırsa, yoluxma sayları artırsa, deməli, bizim insanlarımız bunu yüngül və sadə qəbul edirlər”.

Vahid Əhmədov əlavə etdi ki, əgər yoluxanlarla bağlı azalmalar davam etsəydi, mayın 11-də yumşaltmalar bir qədər artacaqdı: “Əhalinin bu məsələrə biganə yanaşması çox təəssüf doğurur. İnsanlar nə öz sağlamlığını, nə də digərlərinin səhhətini düşünürlər. Şəhərə diqqət etsək, az sayda insan maska taxır, maşınların hərəkəti isə intensivləşib. Dövlət öz üzərinə düşən bütün məsələri faktiki olaraq həll edib. İndi əhalinin buna düzgün yanaşması və yoluxma hallarını azaltmaq üçün addım atması gərəkdir.

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edir. Bu dəyişiklik iki oxunuşda qəbul edilib, üçüncü oxunuşda bu qəbul olunacaq. Bununla da kiçik və orta sahibkarlara kifayət qədər güzəştlər ediləcək. Bu məqsədlə ölkə başçısı İlham Əliyev 113 milyon manat vəsait ayırıb. Burada problem ondadır ki, əhali karantin şərtlərinə əməl etmir. Bunun nəticəsində də yoluxma sayı artır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir